(+99412) 342 68 58 info@absheron-hac.az

Vəli Axundov

21-05-2017, 14:24 265 Görkəmli şəxsiyyətləri

Vəli Axundov


Vəli Yusif oğlu Axundov – Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik. Azərbaycan SSR-yə 1959-1969-cu (10 il) illərdə rəhbərlik etmişdir.

Vəli Axundov 1916-cı il mayın 14-də Abşeron rayonunun Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəvə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədi ilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.

1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirərək orduya çağırılmışdır. 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlmiş, Rusiya, Belarus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

1946-cı ildə ordudan tərxis olunmuş, ATİ-na qayıtmış, tibb tarixi kafedrasının assistenti qəbul edilmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946-1949-cu illərdə bu vəzifədə çalışmışdır.

Fəaliyyəti

1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olmuşdur.

1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.

1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. 1959-cu ilin iyuluna qədər bu vəzifədə çalışmışdır.

1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşdur. Onun dövründə Azərbaycan müharibədən sonra ən çox neft – 21,5 mln. ton istehsal etmiş, kənd təsərrüfatı məhsulları istehsalı çoxalmışdır.

1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir.

1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir. H.Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun iclasında onun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidmətləri özündə saxlanılmışdır.

1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir. O dövrlə artıq kifayət qədər yaşlı olduğu zaman ingilis dilini sıfırdan öyrənməyə nail olmuşdur.

1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.

İctimai və siyasi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü olmuşdur.

1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

"Lenin" ordeni
II dərəcəli Vətən Müharibəsi ordeni
"Qırmızı Ulduz" ordeni
Müxtəlif medallar

Oxşar xəbərlər

Sabit Orucov

21.05.17 Görkəmli şəxsiyyətləri
Əbülfəs Qarayev

21.05.17 Görkəmli şəxsiyyətləri
Mirəsədulla Mirqasımov

21.05.17 Görkəmli şəxsiyyətləri
Nəbi Xəzri

20.05.17 Görkəmli şəxsiyyətləri
Süleyman Rüstəm

20.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla