(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib

21-05-2017, 22:52 382 xeberler

Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib


Bu gün Abşeron rayonunun 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər.
İclasda rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, royonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.
Hesabat yığıncağında rayonun həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən iclada rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin maddi rifahı yaxşılaşdırılıb, sosial problemlərin həlli məsələləri diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, 2016-cı il ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Mehdi Hüseynzadə, Qalubiyyə, Fizuli, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev küçələrində abadlaşdırılma işləri həyata keçirilmiş, Misir Dostluq Parkı yenidən qurulmuşdur. Saray, Ceyranbatan, Mehdiabad qəsəbələrindəki parklar abadlaşdırılmış, şəhidlərin xatirəsinə abidə ucaldılmışdır. Masazir kəndində Heydər Əliyev və Zərifə Əliyeva, Aşağı Güzdək qəsəbəsində Həzi Cavadov, Mehdiabad qəsəbəsində Məhəmməd Əsədov, Novxanı kəndində Mehdi Hüseynzadə, Məmmədli kəndində Elçin Əliyev küçələrində daxili imkanlar hesabına abadlıq işləri görülmüşdür.

Hesabat dövründə yaşıllıqların qorunub saxlanılması və artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş, ötən müddət ərzində rayonun yaşayış məntəqələrində park və yol kənarlarında 57 mindən çox ağac və gül kolları əkilmişdir. Xüsusilə Görədil,Fatmayı, Mehdiabad və Novxanı ərazilərində avtomobil yolu kənarı boyunca 10 min ədəd ağac və gül kolları əkilmiş, Bakı-Quba avtomobil yolunun rayon ərazisindən keçən hissəsində salınmış yaşıllıqların saxlanılması məqsədilə əlavə olaraq 5 km uzunluğunda yeni suvarma xətti çəkilmişdir.
Yol infrastrukturunun yaxşılaşdılrılması məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 56.457 kubmetr qrabil tökülərək yayılmış, 142.593 kvadratmetr sahə asfaltlanmış, 13.684 paqometr səki daşı düzülmüş, piyada səkilərinə 6.282 kvadratmetr tomet döşənmişdir. Ötən il rayonun şəhər, qəsəbə və kəndlərində ümumilikdə 135 küçə daxili imkanlar hesabına əsaslı təmir olunmuşdur. Rayonun daxili imkanları hesabına Hökməli-Qobu yolunun yararsız hala düşmüş hissəsində yağış və qrunt sularının avtomobil yoluna axmasının qarşısının alınması məqsədilə yol kənarı boyunca 900 metr uzunluğunda beton suötürücü və plastik boru ilə drenaj xətləri çəkilmiş, yolun yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir edilərək asfalt örtük verilmişdir.
Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə etdiyim müraciətlərin nəticəsi olaraq, Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonu ərazisindən keçən hissələrində 4 yerdə yerüstü piyada keçidinin quraşdırılması işlərinə başlanılmışdır. Bunlardan biri artıq istifadəyə verilmiş, digər 3 keçidin inşası isə davam etdirilir. Eyni zamanda yaxın günlərdə Mehdiabad-Fatmayı-Görədil, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının təmiri işlərinə başlanılacaqdır.

2016-cı il ərzində rayon ərazisində 197 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 141 milyon manat investisiya yönəldilmişdir. Hesabat dövründə rayonda 16 Mənzil Tikinti Koperativi tərəfindən çoxmərtəbəli yaşayış binaları üzrə 285 min kvadmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilmişdir.
Ötən il Xırdalan şəhərində 20 çoxmənzilli yaşayış binası təmir olunmuşdur. Eyni zamanda çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 500-dən çox daş və ya metal torla hasarlanmış ərazi sökülərək təmizlənmiş, bəzi məhəllələrdə park və uşaqlar üçün meydança olmaqla nümunəvi məhəllə yaradılmışdır.Hazırda Xırdalan şəhərində məhəllədaxili ərazilərdə əhalinin gəzintisi və istirahəti üçün müvafiq şəraitin yaradılması işləri davam etdirilir.
Abşeron rayonu ərazisində sanitar təmizliyin təmin edilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir. Hesabat ilində məişət tullantılarının daşınması üçün Nazırlər Kabinetinin xətti ilə 1 ədəd maşın və 60 ədəd konteyner alınmışdır.
Bu sahədə də müəyyən irəliləyişlərin olmasına baxmayaraq, rayonun bir çox qəsəbə və kəndlərində, xüsusilə Hökməli, Qobu, Saray, Masazır ərazisinin məişət tullantılarından təmizlənməsi məni qane etmir. Rayon ərazisinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin bir nömrəli vəzifəsi olmalıdır.

Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 69 ədəd yeni transformator quraşdırılmış, 41 ədəd transformator əsaslı təmir olunmuş, 755 ədəd dayaq və 148 min metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 65 min metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Masazır kəndində yeni 2 dövrəli hava xətti çəkilərək istismara verilmiş, “Mehdiabad 1” hava veriliş xəttinin üzərindən yükün bir hissəsi çıxarılaraq yeni inşa olunmuş Fatmayı yarımstansiyasına keçirilmişdir.Xırdalan 220 yarımstansiyadan qidalan ikidövrəli yeraltı 2700 metr kabel yenisi ilə əvəz olunmuşdur. Hazırda Xırdalan şəhərindəki Əlağa Vahid yarımstansiyasından şəhərdə inşa olunan digər yarımstansiyaları əlaqələndirən 6 km uzunluğunda dairəvi yeraltı kabelin çəkilişi işləri həyata keçirilir. Yaxın günlərdə isə Xırdalan şəhərində 6.5 km uzunluğunda daxili yeraltı xətt şəbəkəsinin qurulması işlərinə başlanılacaqdır.
Aidiyyəti orqanlar qarşısında qaldırdığım məsələlərin nəticəsi olaraq ötən il Xırdalan şəhəri, Saray qəsəbəsi və Masazır kəndinin hər birində yeni 35 kilovoltluq yarımstansiya inşa olunmuş, Qobu qəsəbəsində isə 110 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılmışdır. Xırdalan şəhərində tikintisi “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən 110 kilovoltluq yarımstansiyada da işlər davam etdirilir.
2016-cı il ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 13.980 paqometr uzunluqda yeni içməli su xətləri çəkilmiş, 4.576 paqometr uzunluqda korroziyaya uğramış xətt dəyişdirilmiş, 7.221 ədəd su sayğacı quraşdırılmış, eləcə də 3.760 paqometr uzunluqda kanalizasiya xətləri yenilənmişdir. Podratçı təşkilatlar tərəfindən Saray bağ massivi, Digah və Görədil ərazilərində layihə üzrə su boru xətləri istismara verilmiş, Digah qəsəbəsində 20 min kubmetr tutumu olan su anbarı və 1483 metr uzunluqda 700 mm diametrli boru xətti inşa edilərək istismara verilmişdir. Azərsu Aşıq Səhmdar Cəmiyyətinə edilmiş müraciətin nəticəsi olaraq Pirəkəşkül kəndinə gedən içməli su xəttinin 2 km-lik hissəsi yeni borularla əvəz edilmiş və kəndin içməli su təminatı xeyli yaxşılaşmışdır. Daxili imkanlar hesabına Aşağı Güzdək qəsəbəsində 2.600 metr su xətti çəkilmiş, yeni nasosxana tikilmiş, 1 km uzunluğunda plastik borularla birləşdirmə işləri görülmüşdür. Hökməli qəsəbəsində 3 km və Qobu qəsəbəsindəki yeni yaşayış massivinə 766 paqometr uzunluğunda yeni içməli su xəttinin çəkilişi işləri həyata keçirilmişdir.

Bu gün rayonda ən ciddi problemlərdən biri rayonun yaşayış məntəqələrində çirkab və yağış sularının axıdılması ilə bağlı şəbəkənin mövcud olmamasıdır. Ötən il intensiv yağışlar zamanı rayonun Xırdalan, Saray, Masazır, Hökməli ərazilərində yaşayış evlərini su basmış, sakinlər ciddi problemlərlə üzləşmişlər. Bununla bağlı rayonun daxili imkanları hesabına Masazır kəndində Sarı Aşıq küçəsində nasosxana tikilmiş, 2.5 km uzunluğunda kanalizasiya xətti çəkilərək magistral xəttə birləşdirilmişdir. Saray qəsəbəsindəki göl ətrafında 500-dən çox ailənin yaşayış evinin su altda qalması ilə bağlı 900 metr uzunluğunda öz axını ilə kanalizasiya xətti çəkilərək gölün səviyyəsinin aşağı salınmasına nail olunmuşdur. Aşağı Güzdək qəsəbəsində gölün səviyyəsinin aşağı salınması məqsədilə suların Sumqayıt çayına axıdılması üçün 4 km uzunluğunda xətt çəkilərək nasos quraşdırılmışdır. Hazırda bu ərazidə mövcud olan problem aradan qaldırılmaqdadır.
Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında bağlanılmış kredit sazişinə əsasən Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq tender keçirilmişdir və yaxın vaxtlarda işlərə başlanılacaqdır. Layihə çərçivəsində 24 ay ərzində 20 min kubmetrlik 2 anbar, şəhər ərazisində 172 km uzunluğunda müxtəlif diametrli içməli su xətti, 109 km uzunluğunda isə kanalizasiya şəbəkəsinin tikintisi və ev birləşmələrinin verilməsi nəzərdə tutulmuşdur.
Rayon əhalisinin təbii qazla təchizatı məsələri də diqqət mərkəzində saxlanılır. 2016-cı il ərzində 5.123 evə təbii qaz xətti çəkilərək sayğac quraşdırılmışdır. Xüsusilə Hökməli qəsəbəsinin mərkəzi hissəsində təbii qazın verilişi ilə bağlı uzun müddətdir davam edən problemin aradan qaldırılması ilə bağlı Azəriqaz İstehsalat Birliyi qarşısında məsələ qaldırılmış və məsələnin müsbət həllinə nail olunmuşdur. Bununla əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin müvafiq Departament rəhbərləri ilə birlikdə Hökməli qəsəbəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilmiş və təbii qaz xətlərinə, sayğaclara müdaxilələrin yolverilməz olduğu sakinlərin diqqətinə çatdırılmışdır. Hökməli qəsəbəsində ötən ilin müvafiq dövründən sonra 1600-ə qədər ailənin təbii qaz xətti və ya sayğacı bərpa olunmuş, 500-ə yaxın yeni sayğac qoyulmuşdur.

Hesabat dövründə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, rayonda 100-lərlə insanın işlə təmin olunduğu - Metal konstruksiyalar zavodu, “Araz” və “Bazarstor” supermarketlər şəbəkəsinin filialları, ət kəsimi və emalı, hədiyəlik məmulatlar istehsalı müəssisələri, “Tayota” Abşeron Mərkəzi və digər iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır.
2016-cı il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara 49 investisiya layihəsi üçün 25 milyon 510 min manat güzəştli kredit verilmişdir. Yaradılacaq müəssisələrdə 1449 yeni iş yerinin açılması nəzərdə tutulur. Bu kreditlər hesabına Məmmədli kəndində 10 min tonluq soyuducu anbar, Pirəkəşkül kəndi ərazisində illik 38 milyon ədəd damazlıq yumurta istehsal edəcək müəssisələr, Masazır, Məmmədli, Fatmayı, Pirəkəşkül kəndlərində 13 hektarlıq istixana kompleksi fəaliyyətə başlayacaqdır. Bu gün rayonda istixanaların ümumi sahəsi 334 hektarı ötmüşdür. Ötən ildən örtülü sahədə gül yetişdirilməsi işlərinə də başlanılmışdır ki, bu sahənin inkişafı da Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.
Ölkə başçısının tapşırığına uyğun olaraq ötən il 195 hektar sahədə zeytun əkilmiş, hazırda Aşağı Güzdək ərazisində əlavə 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir.

Bu gün qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də rayonlarda dotasiyalardan asılılığın minimuma endirilməsi təşkil edir. Abşeron rayonu 2017-ci il də daxil olmaqla artıq altı ildir ki, dotasiya almadan yerli gəlirlər hesabına büdcənın formalaşdırılmasını təmin edir. Bu il isə Abşeron rayonu üzrə özünü maliyyələşdirmədən əlavə dövlət büdcəsinə 24 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Ötən il rayonda sənaye məhsulunun həcmi 118 milyon manata çatmışdır. İstehsal olunmuş sənaye məhsulunun 70 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 384 manat təşkil etmişdir.
2016-cı ildə rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 23.274 başa, davarın sayı 132.884 başa, quşların sayı isə 1 milyon 188 min başa çatmışdır. Ötən dövr ərzində 2.326 ton ət, 47.388 ton süd, 2.857 sentner yun istehsal olunmuşdur. Yumurta istehsalı isə 203 milyon ədədə çatmışdır. Hesabat dövründə 44 min ton tərəvəz toplanılmışdır ki, bunun da 41 min tonu istixanaların payına düşür.
2016-cı ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 1 milyon 138 min ton yük daşınmış və yükdaşınmaların həcmi 2015-ci illə müqayisədə 3.5 faiz çox olmuşdur.

“Azərpoçt” MMC-nin Abşeron Poçt filialı 2016-cı ildə 802 min manat plan proqnozuna qarşı tarif gəlirini 952 min manat yerinə yetirmişdir. Ümumilikdə bu gün rayonda 24 poçt şöbəsi tərəfindən əhaliyə və eləcədə idarə, müəssisə və təşkilatlara 70-ə yaxın poçt xidməti həyata keçirilir.
Hesabat dövründə Xırdalan, Ceyranbatan, Masazır, Novxanı, Mehdiabad, Digah, Qobu yaşayış məntəqələrində “Asan xidmət”in 109 günlük səyyar fəaliyyətindən rayonumuzun 15874 nəfər sakini istifadə etmişdir. Hazırda “Asan xidmət”in səyyar briqadası Ceyranbatan qəsəbəsində xidmət göstərir.
2016-cı il ərzində Abşeron Telekommunikasiya Qovşağı tərəfindən tarif gəliri planı üzrə 6 milyon 684 min manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 935 min manat çoxdur. Hesabat dövründə rayonun yaşayış məntəqələrində ümumilikdə 3.240 nömrə tutumlu 16 yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilmiş, 14.5 km məsafəyə 41 km uzunluğunda müxtəlif tipli kabellər çəkilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 90-a, internet istifadəçilərinin sayı isə 40-a çatdırılmışdır.


Hazırda rayon üzrə 2.489 ailəyə hər ay orta hesabla 152 manat olmaqla ünvanlı dövlət sosial yardımı ödənilir. Ötən il 62 nəfər əlil istirahət və müalicə zonalarına, 6 nəfər əlil isə müxtəlif peşəyə yiyələnmək üçün Gənclərin Peşə Reabilitasiya Mərkəzinə göndərilmişdir. Ünvanlı yardım alan hər bir ailəyə Heydər Əliyev Fondu tərəfindən bayram sovqatı paylanılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 22.991 nəfər olmuşdur ki, onlardan da 13650 nəfəri yaşa görə, 7.120 nəfəri əlilliyə görə, 2.221 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alan şəxslərdir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 196 manat təşkil edir.
Vətəndaşların rifahının yüksəlməsinin başlıca şərti olan işsizlik probleminin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə Rayon Məşğulluq Mərkəzinin xətti ilə 1.014 nəfər işə düzəlmiş, 258 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunmuş, 36 nəfər mərkəzin qeydiyyatında olan qeyri-məşğul vətəndaş “ingilis dili” və “kompyuter istifadəçisi” peşəsi üzrə kursa göndərilmişdir. Hesabat dövründə ümumilikdə rayon üzrə 3.527 yeni iş yeri yaradılmışdır.
Ötən il süni qiymət artımının qarşısının alınması məqsədilə də müvafiq tədbirlər həyata keçirilmiş, Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının və rayonda fəaliyyət göstərən müəssisələrdə istehsal olunan ərzaq məhsullarının satış yarmarkası təşkil edilmişdir.
Əvvəlki illərdə olduğu kimi hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan və digər daxili imkanlar hesabına 2500 nəfər şəhid ailəsi, əlil və imkansıza 227 min manat yardım göstərilmişdir. Rayonun Məmmədli kəndində şəhid Zöhrab Mustafazadənin ailəsinin evi təmir olunaraq, avadanlıqlarla təchiz edilmişdir.
Ölkəmizin işğal olunmuş ərazilərindən olan və rayonumuzda məskunlaşmış 39 min nəfərə yaxın məcburi köçkünün həyat şəraiti də daim diqqət mərkəzində saxlanılmışdır. Hər il olduğu kimi 2016-cı ildə də hazırda torpaqları işğal altında olan rayonların şəhid ailələri ilə görüşlər keçirilmiş və onlara maddi köməkliklər edilmişdir. Hesabat dövründə 15 məcburi köçkün ailəsi rayon İcra hakimiyyətinin köməkliyi və Dövlətqaçqınkomun xətti ilə evlə təmin edilmişdir. Eyni zamanda 40 məcburi köçkün ailəsi Xəzər rayonundan köçürülərək Abşeron rayonu ərazisində evlə təmin olunmuşdur.
2016-cı ilin ən əlamətdar hadisələrdən biri valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Masazır kəndində 120 mənzilli yaşayış binasının açılışı və həmin tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı olmuşdur. Həmin tədbirdə 120 mənzilli daha bir binanın da təməli qoyulmuşdur. Çoxdan bəri ictimai narahatlıq doğuran ciddi bir məsələnin- uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş gənclərin mənzillə bağlı problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara yüksək diqqət və qayğısının əyani təzahürüdür.

2016-cı ildə rayonun təhsil müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə 800 şagird yerlik məktəb tikilib, inventar və avadanlıqlarla tam təchiz edilmiş və 7 oktyabr 2016-cı il tarixdə Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın və Fondun vitse-Prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olmuşdur.
Ötən il dövlət vəsaiti hesabına Xırdalan şəhərinin Mexdəstə yaşayış sahəsində, şəhərin 26-cı məhəlləsində, Hökməli qəsəbəsində və Novxanı kəndində dörd 6 qrupluq körpələr evi-uşaq bağçası istifadəyə verilmiş, Saray və Güzdək qəsəbələrində ümumtəhsil məktəbləri üçün əlavə sinif otaqları tikilmişdir. Aşağı Güzdək qəsəbəsində və Masazır kəndində 6 qrupluq körpələr evi-uşaq bağçasının tikintisi başa çatmışdır. Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinin əsaslı təmiri, Masazır kəndində “İlin Dörd fəsli” şirkəti tərəfindən körpələr evi-uşaq bağçasının və “Qurtuluş 93” şirkəti tərəfindən 1200 şagird yerlik məktəbin tikintisi işləri davam etdirilir.
Bu il orta məktəbi bitirmiş məzunlardan 1007 nəfəri və ya 69.2 faizi tələbə adını qazanmışdır ki, bu da ötən illə müqayisədə 2 faiz çox olmaqla Respublika göstəricisindən yuxarıdır.Ali məktəbə qəbul olmuş məzunlardan 69 nəfəri 600-dən yuxarı bal toplamışdır ki, bu da ötən ildəkindən 30 nəfər çoxdur. 1 nəfər məzun isə 700 bal toplayaraq maksimum nəticə göstərmişdir.Hesabat dövründə rayonun 2 nəfər müəllimi Ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin 80 nəfər şagirdi ölkəmizin cənub və qərb bölgələrinə səfər etmişlər.
Ötən dövr ərzində əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, 2016-cı ilin fevral ayından may ayının 15-dək rayonumuzda 127.427 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsi olaraq 1626 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 864 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir.
Görülmüş işlərlə yanaşı Rayon və Uşaq Poliklinikası, Məmmədli tibb məntəqəsi təmir olunmalı, Hökməli bələdiyyəsi tərəfindən Atyalı yaşayış sahəsində inşa etdiyi tibb məntəqəsi binasında işlər yekunlaşdırılaraq istifadəyə verilməlidir.
Ölkə Prezidentinin 17 aprel 2012-ci il tarixli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Səhiyyə Nazirliyi tərəfindən Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılsada, lakin maliyyə çatışmazlığı səbəbindən hazırda işlər dayanmışdır. İşlərin sürətləndirilməsi ilə bağlı aidiyyəti üzrə müraciətlər edilmişdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profiaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabit olmuşdur. Mərkəz işini təsdiq edilmiş yoluxucu xəstəliklərə qarşı Kompleks Tədbirlər Planı əsasında qurmuş, görülmüş işlərin nəticəsi olaraq bir çox yoluxucu xəstəliklərin sayı azalmışdır. Rayonun məktəb, uşaq bağçası və digər müəssisələrində dezinfeksiya tədbirləri həyata keçirilmiş, sanitar təmizliyin vəziyyəti ilə bağlı rayonun bütün yaşayış məntəqələrində mütəmadi reydlər aparılmışdır.
Hesabat dövründə “20 yanvar”, Xocalı faciəsi və “31 mart Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, əlamətdar günlərdə və bayramlarda tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun, Ombudsman Elmira xanım Süleymanovanın Abşeron rayon ictimaiyyəti ilə görüşləri, Akademik Milli Dram Teatrında keçirilən “Bölgələrdən paytaxta” layihəsi, Akademik Vəli Axundovun 100 illik yubileyi, Neapol istirahət Mərkəzində keçirilən “Beynəlxalq Dolma Festifalı”, Bayraq Günü, Xırdalan şəhərinin 10 illiyi ilə bağlı keçirilən tədbirlər cari ilin ən yadda qalan tədbirlərindəndir.
Novruz bayramı və 26 iyun Silahlı Qüvvələr günü ərəfəsində Abşeron rayonun ictimaiyyət nümayəndələri ilə rayonun Pirəkəşkül kəndi ərazisində yerləşən “N” saylı hərbi hisssində əsgərlərlə görüşlər keçirilmiş və onlara bayram sovqatı aparılmışdır.
Eyni zamanda Xırdalan şəhər musiqi məktəbinin kollektivi ötən il Türkiyə və Gürcüstan Respublikalarında səfərdə olaraq, konsert proqramı ilə çıxış etmişlər.
2016-cı ilin uğurlarından biri də Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin 11 illik təhsil sisteminə keçməsi olmuşdur.
Hesabat dövründə rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Qobu qəsəbəsində “Cavanşir” idman sağlamlıq klubu gənclərin istifadəsinə verilmişdir.

Bir neçə il bundan öncə Ölkə Prezidentinin Sərəncamı əsasında ayrılmış vəsait hesabına Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin inşasına başlanılmışdır. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Ölkə Prezidenti cənab İlham Əliyev Kompleksin tikintisinin bu il başa çatdırılaraq istifadəyə verilməsi ilə bağlı Gənclər və İdman Nazirliyinə müvafiq tapşırıq vermişdir.
2016-cı il ərzində rayonun gəncləri 31 respublika və 21 beynəlxalq tədbirdə iştirak etmişlər. İdman yarışlarında gənclərimiz 164 medal, o cümlədən 87 qızıl medal qazanmış, bunlardan da 115-i Respublika yarışlarında, 49-u isə dünyanın 11 xarici dövlətində keçirilən beynəlxalq yarışlarda əldə edilmişdir. Xüsusilə Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında güləşçi idmançımız Hacı Əliyevin qazandığı bürünc medal Abşeronda ilk olimpiya medalı kimi tarixə düşmüşdür.

Hesabat dövründə rayonda kriminogen vəziyyət sabit olmuş, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri qorunub saxlanılmışdır. 2016-cı il ərzində baş vermiş cinayətlərin 85 faizinin açılması təmin edilmiş, 16 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatı, rayonun təhsil müəssisələri,hüquq-mühafizə orqanları rayon ictimaiyyəti ilə birgə yeniyetmə və gənclər arasında cinayətkarlığa qarşı mübarizə, xüsusilə narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qarşılqlı fəaliyyətlərini gücləndirməlidirlər.

Rayonda dini durum sabit olmaqla, radikal dini cərəyanlarla bağlı qanunazidd hallar müşahidə edilməmişdir. Hesabat dövründə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hüquq-mühafizə orqanları ilə birlikdə radikal dini cərəyanlara qarşı mübarizə ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Belə tədbirlər içərisində 5 mart 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Respublikanın Hüquq Mühafizə Orqanlarının və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda keçirilmiş seminar-müşavirənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Eyni zamanda 2016-cı ilin “Multukulturalizm ili” elan olunması ilə əlaqədar da rayonun şəhər, qəsəbə və kəndlərində bir çox silsilə tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin “İslam Həmrəyliyi ili” çərçivəsində də artıq tədbirlərə start verilmişdir. Bir neçə gün bundan öncə Abşeron Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans kecirilmişdir.

Gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi işi də rayon İcra Hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. 2016-cı ildə Abşeron
Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Ötən ilin aprel ayında cəbhə boyu təxribatlar törətməyə cəhd edən Ermənistana Azərbaycan ordusu tərəfindən layiqli cavabın verilməsi bütün respublika əhalisi kimi abşeronlular tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu döyüşlərdə rayon ərazisində yaşayan, ikisi məcburi köçkün olmaqla 4 əsgərimiz şəhid olmuşdur.Rayon ictimaiyyətinin nümayəndələri dəfn və yas məraisimlərində kütləvi iştirak etmişlər. Qobu qəsəbə sakini Əli Heydərovun məzarüstü abidəsi götürülmüş, xatirəsi əbədiləşdirilərək adına küçə verilmişdir.

5 aprel 2016-cı il tarixdə rayon Mədəniyyət evində aprel döyüşlərində qazanılmış tarixi qələbə münasibətilə rayon ictimaiyyəti nümyəndələrinin iştirakı ilə tədbirdə abşeronlular Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmrini gözlədiklərini, ərazi bütövlüyümüzün təmin edilməsi və işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün canlarından keçməyə hər an hazır olduqlarını bir daha bəyan etmişlər.
Azərbaycan Respublikası Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncamları rayonda yüksək səviyyədə icra olunmuş, 2016-cı il ərzində 463 nəfər gənc həqiqi hərbi xidmətə yola salınmışdır. Bununla bağlı gənclərin təntənəli yola salınma mərasimləri də təşkil edilmişdir.
Rayon İcra Hakimiyyəti və onun struktur bölmələrinin fəaliyyətində vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə baxılması mühüm yer tutmuşdur. Rayon İcra Hakimiyyətində müraciətləri doğuran səbəblər mütəmadi təhlil olunur, qaldırlan məsələlərin həlli ilə bağlı vətəndaşlara vaxtında və konkret cavablar verilir. Rayon sakinlərinin müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin yerlərdə həlli hər bir idarə, müəssisə və təşkilat rəhbərinin bir nömrəli vəzifəsi olmalıdır.
Rayon İcra hakimiyyətinin başçısı olaraq keçirdiyim qəbullarda 886 nəfər vətəndaşın müraciəti dinlənilmiş, haqlı tələblərinin təmin olunması üçün lazımi tədbirlər görülmüşdür. Ötən il yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilmiş, hər həftə qəsəbə və ya kəndlərdə olmaqla rayon sakinlərinin problemləri dinlənilmişdir. Qəbullarda qaldırılan məsələlər ilə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə həlli ciddi nəzarətə götürülmüşdür.
2016-cı ildə Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın 27 iclası keçirilmiş, həmin iclaslarda rayonun sosial-iqtisadi inkişafı və ictimai-siyasi həyatı ilə bağlı 30 məsələ müzakirə olunmuşdur.
Hər il olduğu kimi rayonda keçirilən bütün ictimai-siyasi əhəmiyyətli tədbirlər haqqında məlumatların Regionların Analitik İnformasiya Sisteminə ötürülməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri tərəfindən rayonda rəsmi qeydiyyatda olan 17 siyasi partiyanın, 33 qeyri-hökümət təşkilatının rayon şöbələrinin qanun çərçivəsində fəaliyyətlərinin əlaqələndirilməsinə müntəzəm yardım göstərilmişdir.
Kadrların seçilib-yerləşdirilməsi və ehtiyat kadr bazası yaradılmasında “Dövlət qulluğu haqqında” Qanunun və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri əsas götürülmüşdür.

Rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə sənədlərlə işin Ölkə Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Qanun və təlimatlara əsasən aparılması diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə İcra hakimiyyətinin müvafiq şöbələri tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəlik işçiləri ilə təlimati xarakterli seminarlar keçirilmiş, kargüzarlığın aparılması və vətəndaşların qəbulu ilə bağlı qanun və təlimatlar barədə geniş məlumatlar verilmişdir.

Rayon İcra Hakimiyyətinin həftəlik “Abşeron” qəzeti rayonun ictimai-siyasi həyatını dolğun və obyektiv işıqlandırır. Eyni zamanda rayonda aparılan abadlıq, quruculuq işlərini, keçirilən mədəni-kütləvi tədbirləri operativ işıqlandıran “Abşeron xeber”,”Abşeron info”, saytları da fəaliyyət göstərir.

Ötən ilin ən mühüm əlamətdar hadisələrindən biri də 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı keçirilmiş referendum olmuşdur. Rayonumuzda da demokratik, şəffaf və heç bir qanun pozuntusu olmadan keçirilən ümumxalq səsverməsində seçicilərin 73.6 faizi iştirak etmiş, seçicilərin mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini vermişdir.

Bu il Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə rayonun idarə, müəssisələrində çalışan 3 nəfər “Tərəqqi”, 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 1 nəfər isə “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Biz bu qiyməti bütün abşeronluların əməyinə verilən qiymət kimi dəyərləndirir və bizlərə göstərilən bu etimadı əməli işimizlə doğrultmağa çalışmalıyıq.

Sonra Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Rayon Maliyyə idarəsinin rəisi Faiq Şirəliyev, Rayon Prokuroru Rahib Seyidov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova və Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov çıxış edərək hesabat ilində ölkədə və Abşeronda görülən işlərdən, əldə etdikləri uğurlardan , gələcək planlar və məqsədlərdən danışıblar.

Sonda Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edildi.

Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib

Oxşar xəbərlər

Abşeronun Tarixi

20.05.17 tarixi

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla