(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

20-05-2017, 15:34 261 xeberler, tedbirler

Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib


Abşeron rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan iclasda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova cari il oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini, dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyevin geniş məruzəsi dinlənilib. İ.Quliyev bildirib ki, hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, qısa bir müddətdə rayonda 100-lərlə insanın işlə təmin olunduğu - hədiyəlik məmulatlar istehsalı müəssisəsi, “Araz” və “Bazarstor” supermarketlər şəbəkəsinin filialları, Xırdalan şəhərində ət kəsimi və emalı müəssisəsi, “Tayota” Abşeron Mərkəzi və digər iri müəssisələr fəaliyyətə başlanıb.
Rayonun Pirəkəşkül kəndi ərazisində Sahibkarliğa Kömək Milli Fondunun xətti ilə illik gücü 38 milyon ədəd damazlıq yumurta, 1080 ton ət olan və 224 nəfər işçinin işlə təmin olunacağı “Azərquşçuluq” və “Aqropol” Məhdud Məsuliyyətli Cəmiyyətləri üçün bina tikintisində son tamamlama işləri görülməkdədir.

Ümumilikdə 2016-cı ilin 9 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara 38 investisiya layihəsi üçün 24 milyon 289 min manat güzəştli kredit verilib. Bunların böyük əksəriyyəti istixana komplekslərinin tikintisi üçün ayrılmış və bu müəssisələrdə 1381 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

2016-cı ilin doqquz ayı ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Qalubiyyə, Fizuli, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev küçələrində abadlaşdırılma işləri həyata keçirilmiş, Misir Dostluq Parkı yenidən qurulub. Saray qəsəbəsində Şəhidlərin xatirəsinə abidə ucaldılıb, şəhidlərin adına olan park və Vəli Axundov parkı, eyni zamanda Ceyranbatan qəsəbəsindəki park abadlaşdırılıb. Aşağı Güzdək qəsəbəsində Həzi Cavadov, Novxanı kəndində Mehdi Hüseynzadə küçələrində daxili imkanlar hesabına abadlıq işləri görülüb. Masazır kəndinin mərkəzi küçəsi olan Əlağa Vahid küçəsinin işıqlandırılması məqsədilə 85 işıq dirəyi basdırılaraq, 5 km uzunluğunda kabel çəkilib, Heydər Əliyev və Zərifə Əliyeva adına küçələr abadlaşdırılıb. Eyni zamanda Yeni Bakı yaşayış massivinə gedən yola 15 min kvadratmetr asfalt örtük döşənilib. Mehdiabad qəsəbəsində Məhəmməd Əsədov küçəsi asfaltlanıb, qəsəbədəki parkda isə abadlıq işləri həyata keçirilməkdədir.
Ümumilikdə yol infrastrukturunun yaxşılaşdılrılması məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 43240 kub metr qrabil tökülərək yayılmış, 81650 kvadratmetr sahə asfaltlanıb, 11675 paqometr səki daşı düzülüb, piyada səkilərinə 4290 kvadratmetr tomet döşənilib. Rayonun daxili imkanları hesabına Hökməli-Qobu yolunun yararsız hala düşmüş hissəsində yağış və qrunt sularının avtomobil yoluna axmasının qarşısının alınması məqsədilə yol kənarı boyunca 900 metr uzunluğunda beton suötürücü və plastik boru ilə drenaj xətləri çəkilib, yolun yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir edilərək asfalt örtük verilib.
Rayon rəhbərliyinin Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə etdiyi müraciətlərin nəticəsi olaraq, Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonu ərazisindən keçən hissələrində iki yerdə yerüstü piyada keçidinin quraşdırılması işlərinə başlanılıb. Yaxın vaxtlarda isə Ceyranbatan qəsəbəsi ərazisində piyada keçidinin inşasına başlanılması nəzərdə tutulub.

Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 41 ədəd yeni transformator quraşdırılıb, 30 ədəd transformator əsaslı təmir olunub, 4 ədəd yanmış transformator bərpa edilib, 604 ədəd dayaq və 138 min metr naqil dəyişdirilib, yaşayış məntəqələrində 59 min metr uzunluqda “SİP” kabelləşməsi aparılıb. Masazır kəndində yeni 2 dövrəli hava xətti çəkilərək istismara verilib, “Mehdiabad 1” hava veriliş xəttinin üzərindən 3 MVA güc çıxarılaraq yeni inşa olunmuş Fatmayı yarımstansiyasının üzərinə keçirilib. Xırdalan 220 yarımstansiyadan qidalan ikidövrəli yeraltı 2700 metr kabel yenisi ilə əvəz olunub. Şəhərin 27-ci məhəlləsini qidalandıran 1500 metr yeraltı kabelin isə yaxın günlərdə dəyişdirilməsi təmin ediləcəkdir.

Aidiyyəti orqanlar qarşısında qaldırılmış məsələlərin nəticəsi olaraq Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhəri, Saray qəsəbəsi və Masazır kəndinin hər birində 35 kv-luq olmaqla 4 yarımstansiyanın tikintisinə başlanılıb. Masazır və Sarayda yarımstansiyaların tikinti işləri başa çatıb, hazırda avadanlıqların quraşdırılması işləri həyata keçirilir. Xırdalan şəhərində tikintisi “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən 110 kv-luq yarımstansiyada da işlər davam etdirilir.
2016-cı ilin 9 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 11730 p/m uzunluqda yeni içməli su xətləri çəkilib, 3820 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilib, eləcə də 1100 p/m uzunluqda kanalizasiya xətləri yenilənib. Podratçı təşkilatlar tərəfindən Saray bağ massivi, Digah və Görədil ərazilərində layihə üzrə su boru xətləri istismara verilib, Digah qəsəbəsində 20 min m3 tutumu olan su anbarı və 1483 metr uzunluqda 700 mm diametrli boru xətti inşa edilib. Azərsu Aşıq Səhmdar Cəmiyyətinə edilmiş müraciətin nəticəsi olaraq Pirəkəşkül kəndinə gedən içməli su xəttinin 2 km-lik hissəsi yeni borularla əvəz edilib və kəndin içməli su təminatı xeyli yaxşılaşdırılıb. Daxili imkanlar hesabına Aşağı Güzdək qəsəbəsində 1600 metr su xətti çəkilmiş, yeni nasosxana tikilib, 1 km uzunluğunda plastik borularla birləşdirmə işləri həyata keçirilib. Saraydan Novxanıya gedən istismara yararsız hala düşmüş 300 mm-lik boru xəttinin 150 metrlik hissəsi təmir olunub. Hökməli qəsəbəsində 3 km və Qobu qəsəbəsindəki yeni yaşayış massivinə 766 paqometr uzunluğunda yeni içməli su xəttinin çəkilişi işləri həyata keçirilib.

İ.Quliyevin sözlərinə görə. sevincli bir haldır ki, Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında bağlanılmış kredit sazişinə əsasən Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə işlər hazırda tender mərhələsindədir və artıq cari ilin dekabr ayında işlərə başlanılması ilə bağlı hazırlıq işləri görülür.

Cari ilin doqquz ayında rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.6 faiz azalaraq 85.3 milyon manat təşkil edib. Sənaye müəssisələrində işləyənlərin sayı 5474 nəfər, orta aylıq əmək haqqı 405 manat olub.

Hesabat dövründə Xırdalan şəhərində əhalinin telefona, genişzolaqlı internet xidmətlərinə olan təlabatını ödəmək məqsədilə yeni Elekton ATS quraşdırılıb, 23700 metr müxtəlif tutumlu kabellərdən və 1417 ədəd yeni ağac və dəmir telefon dirəklərindən istifadə etməklə Xırdalan, Digah, Görədil, Masazır, Saray, Hökməli ərazisində 1950 abunəçi üçün yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilib. İlin əvvəli ilə müqayisədə internet provayderlərindən istifadə edən abunəçilərin sayı 3476 nəfər artıb, hər 100 ailəyə düşən internet istifadəçilərinin sayı 39-a çatdırılıb.

Ötən illərdə olduğu kimi hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 324 şəhid ailəsi, əlil və imkansıza 62300 manat yardım göstərilib. Rayon ərazisində məskunlaşmış 10 mindən çox məcburi köçkün ailəsinin qayğıları da diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə 15 məcburi köçkün ailəsi rayon İcra hakimiyyətinin köməkliyi və Dövlətqaçqınkomun xətti ilə evlə təmin edilib.

2016-cı ilin 9 ayı ərzində rayonun təhsil müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilib. Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə 800 şagird yerlik məktəb tikilib, inventar və avadanlıqlarla tam təchiz edilmiş və 7 oktyabr 2016-cı il tarixdə Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın və Fondun vitse-Prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olub.
Dövlət vəsaiti hesabına Hökməli qəsəbəsində 6 qrupluq körpələr evi- uşaq bağçasının tikintisi başa çatdırılaraq istifadəyə verilib, Saray və Güzdək qəsəbələrində ümumtəhsil məktəbləri üçün əlavə sinif otaqları tikilib. Xırdalan şəhəri ərazisindəki Mexdəstə yaşayış sahəsi və şəhərin 26-cı məhəlləsində, Masazır və Novxanı kəndlərində 6 qrupluq körpələr evi-uşaq bağçasının tikintisi başa çatıb. Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinin əsaslı təmirində, Aşağı Güzdək qəsəbəsində dövlət vəsaiti hesabına, Masazırda isə “İlin Dörd fəsli” tikinti şirkəti tərəfindən inşa olunan körpələr evi-uşaq bağçalarının tikintisində son tamamlama işləri görülməkdədir. Eyni zamanda, Masazırda “Qurtuluş 93” şirkəti tərəfindən 1200 şagird yerlik məktəb tikintisi davam edir. Bu il orta məktəbi bitirmiş məzunlardan 1456 nəfəri ali məktəbə sənəd vermiş, onlardan 1007 nəfəri və ya 69.2 faizi tələbə adını qazanıb ki, bu da ötən illə müqayisədə 2 faiz çox olmaqla Respublika göstəricisindən yuxarıdır. Ali məktəbə qəbul olmuş məzunlardan 69 nəfəri 600-dən yuxarı bal toplayıb ki, bu da ötən ildəkindən 30 nəfər çoxdur. 1 nəfər məzun isə 700 bal toplayaraq maksimum nəticə göstərib.

Hesabat dövründə rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyin təmin edilməsi sahəsində də ciddi iş aparılıb. 2016-cı ilin 9 ayı ərzində rayonun gəncləri 4 respublika gənclər tədbirində, 16 beynəlxalq və 20 respublika idman yarışlarında iştirak ediblər. İdman yarışlarında gənclərimiz 123 medal, o cümlədən 65 qızıl medal qazanıb, bunlardan da 87-si Respublika yarışlarında, 36-sı isə beynəlxalq yarışlarda əldə edilib.

Bu il Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə rayonun idarə, müəssisələrində çalışan 3 nəfər “Tərəqqi”, 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 1 nəfər isə “Vətən uğrunda ” medalları ilə təltif olunub.

2016-cı ilin 9 ayı ərzində Rayon İcra hakimiyyətinə 2117 ərizə, təklif və şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 ədəd azdır. Rayon İcra Hakimiyyətində müraciətləri doğuran səbəblər daim təhlil olunur, qaldırlan məsələlərin həlli ilə bağlı vətəndaşlara vaxtında və konkret cavablar verilir.
Rayon İcra hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullarda 627 nəfər vətəndaşın müraciəti dinlənilib. Eyni zamanda 2016-cı ilin 9 ayı ərzində rayonun şəhər, qəsəbə və kəndlərində 4 min nəfərdən çox rayon sakinin iştirakı ilə səyyar qəbul-görüşlər keçirilib.

Sonra rayon Təhsil şöbəsinin müdiri Kamran Rzayev, Abşeron RİH-nin baş məsləhətçisi Qara Qurbanov, Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

İclasa yekun vuran İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və konalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən başçı bu istiqamətdə lazimi göstəriş və tapşırıqları verib.

Oxşar xəbərlər

Abşeronun Tarixi

20.05.17 tarixi

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla