(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda gənclər hərbi xidmətə yola salınıb

20-05-2017, 15:32 255 xeberler, tedbirler

Abşeronda gənclər hərbi xidmətə yola salınıb


Bu gün Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinin birgə təşkilatçılığı ilə rayonun çağırışçı gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan yolasalma mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, Qarabağ qaziləri və valideynlər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi Vüsal Babayev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnəcək, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlar.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov hərbi xidmətə yola salınan 70 gənci təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna xidmətlərindən danışıb. Aprel döyüşlərində ordumuzun əldə etdiyi naliyyətlərdən, göstərdiyi şücaətdən söz açan F.Cəbrayılov işğal altında olan torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığını qeyd edib. O, gənclərə komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzulayıb.

Daha sonra valideyinlər, müharibə veteranları və ictimaiyət nümayəndələri çıxış edərək həqiqi hərbi xidmətə yola salınan çağırışçılara uğurlar diləyib, onlara vətən qarşısında layiqli şəkildə borclarını yerinə yetirməyi tövsiyə ediblər.

Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənclər Azərbaycan bayrağını öpüb Qurani-Kərimin altından keçərək hərbi xidmətə yolla düşüblər.

Oxşar xəbərlər

Mikayıl Ələkbərov

21.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla