(+99412) 342 68 58 info@absheron-hac.az

Xırdalan Şəhər Musiqi Məktəbi 11 illik təhsil sisteminə keçirilib.

17-10-2016, 11:40 442 xeberler

Xırdalan Şəhər Musiqi Məktəbi 11 illik təhsil sisteminə keçirilib.


Bu, Abşeron Rayon Mədəniyyət və Turizim Şöbəsinin müvafiq nazirliyə etdiyi müraciət əsasında baş verib. Sözügedən müraciətdə rayonun uşaq musiqi və incəsənət məktəblərini hər il 300-ə yaxın şagirdin bitirdiyi, məzunların musiqi təhsillərini davam etdirmələri üçün rayonda on bir illik musiqi məktəbinə zərurət olduğu nəzərə alaraq böyük pedoqoji iş təcrübəsinə, yüksək yaradıcılıq potensialına və zəruri maddi-texniki bazaya malik Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin 11 illik təhsil sisteminə keçirilməsi xahiş olunub.
Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin 11 illik təhsil sisteminə keçirilməsi ilə əlaqədar müvafiq nazirliyin 21.07.2016-cı il 258 nömrəli əmri ilə təsdiq edilmiş komissiyanın rəyi nəzərə alaraq 2016-cı il 1 sentyabr tarixindən Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbi büdcədən ayrılmış vəsait daxilində 11 illik təhsil sisteminə keçirilib. Bununla da Uşaq Musiqi Məktəbi bir sıra üstünlüklər əldə edib. Belə ki, Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin 11 illik təhsil sisteminə keçməsi bölgədə fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istedadlı və bacarıqlı şagirdlərinin təhsillərini davam etdirmələrinə şərait yaradacaq.

Məlumat üçün bildirək ki, Xırdalan şəhər Uşaq Musiqi Məktəbi yeni binasında fəaliyyətə başlamasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq kollektivin səyi nəticəsində təhsildə uğurları ilbəil artır. Musiqi məktəbini müvəffəqiyyətlə başa vuran məzunların sorağı ölkənin sayılıb-seçilən təhsil ocaqlarından gəlir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var. Hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, balaban, xanəndə, vokal, saz, kanon və nağara şöbələri fəaliyyət göstərir. Musiqi məktəbinin bu şöbələrində 524 nəfər şagird təhsil alır. Onların musiqi təlim-tərbiyəsi ilə 152 nəfər yüksəkixtisaslı müəllimlər məşğul olur. Məktəbdə təlim-tərbiyyə prosesinin təşkili ili əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinə uyğun olaraq uşaq, yeniyetmə və gənclərin Azərbaycanın xalq, klassik və dünya mədəniyyəti incəsənətinin ən yaxşı nümunələri əsasında estetik zövqü formalaşdırılır.

Qeyd edək ki, Abşeron rayonunda Xırdalan şəhər, Ceyranbatan, Mehdiabad, Qobu, Saray qəsəbə uşaq musiqi və inçəsənət məktəbləri, habelə rayonun ərazisində və ətraf qəsəbələrdə Füzuli şəhər 3 nömrəli, Laçın şəhər 2 nömrəli, Laçın rayon Ərdəşəvi və Şəlvə kənd, Ağdam rayon Gülablı kənd, Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbləri, Kəlbəcər şəhər Uşaq İncəsənət Məktəbinin filialı fəaliyyət göstərir.

Şamo Əliyev

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla