(+99412) 342 68 58 info@absheron-hac.az

“KOB Dostu” artıq Abşeronda

22-02-2019, 20:40 361 xeberler

“KOB Dostu” artıq Abşeronda



İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fevralın 22-də Abşeron rayonunda fəaliyyətə başlayıb. Bu, Abşeron rayonu üzrə ilk “KOB Dostu”dur və Abşeron rayonu ilə yanaşı, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara da xidmət göstərəcək.

Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsində rolunu, biznesə yeni başlayanlar üçün əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, ölkə başçısının yerli icra strukturları qarşısında qoyduğu ən mühüm vəzifə - sahibkarlığın inkişafı, özəl investisiyaların daha çox cəlb edilməsi, xüsusilə kənd təsərrüfatı və sənaye istehsalı üçün əlverişli şəraitin yaradılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi Abşeron rayonunda da daim gündəmdə olan məsələlərdəndir. Belə ki, 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib. Nəticədə həyata keçirilmiş bu layihələr üzrə 397 yeni iş yeri yaradılıb. Abşeron rayonunun 8 ildir ki, dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdiyini vurğulayan xanım başçı bildirib ki, ötən il rayon iqtisadiyyatının müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub və 6209 yeni iş yeri yaradılıb.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşan mühüm layihələrdəndir. “KOB Dostu” şəbəkəsinin yaradılmasına 2018-ci ilin sentyabr ayından başlanıb. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarının 10 rayon və şəhərində 13 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.

Abşeron rayonunun böyük iqtisadi potensiala malik olmasını, ölkənin iri sənaye mərkəzləri olan Bakı və Sumqayıt şəhərlərinə yaxın məsafədə yerləşməsini nəzərə alaraq, Agentlik yeni KOB-ların yaradılması və inkişafına KOB dostları vasitəsilə dəstək olacaqdır. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Orxan Məmmədov 2019-cu il ərzində ölkənin digər regionlarında da KOB dostlarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Məlumat verilib ki, burada sahibkarlara Agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəkdir.

Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda
“KOB Dostu” artıq Abşeronda

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla