(+99412) 342 68 58 info@absheron-hac.az

Mehdi Hüseynzadə

21-05-2017, 14:11 322 Görkəmli şəxsiyyətləri

Mehdi Hüseynzadə


Mehdi Hənifə oğlu Hüseynzadə — Sovet İttifaqı Qəhrəmanı (11.04.1957), azərbaycanlı partizan, kəşfiyyatçı.

İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağrılmış, 1942-ci ildə Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanmışdır. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak etmiş, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşmüşdür. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak etmiş və alman dilini öyrənmişdir.

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən "Il Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını partlatmışdır. Şimali İtaliyanın Udinese şəhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.

1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunmuşdur: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Azərbaycan bəstəkarı Aqşin Əlizadənin dayısıdır.

Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilmiş "Uzaq sahillərdə" bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.

Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaratmışdır.

Oxşar xəbərlər

Məhəmməd Əmin Rəsulzadə

21.05.17 Görkəmli şəxsiyyətləri
Vəli Axundov

21.05.17 Görkəmli şəxsiyyətləri
Mikayıl Ələkbərov

21.05.17 Görkəmli şəxsiyyətləri
Aqşin Əlizadə

20.05.17 Görkəmli şəxsiyyətləri
Əliağa Vahid

20.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla